Baku Connection

Azərbaycandan Smartfonlara: çirkli qızıl yüksək texnologiya avadanlıqlarına necə sızır

2023-cü ilin iyun ayında “Abzas Media” jurnalistləri Azərbaycanın qərbində yerləşən Gədəbəy qızıl mədəni ilə bağlı araşdırmalarını apararkən təhdid edilib və qısa müddətə həbs ediliblər. “Forbidden Stories”in rəhbərlik etdiyi konsorsium hazırda dəmir barmaqlıqlar arxasında olan “Abzas Media” jurnalistlərinin başladığı araşdırmanı davam edərək, qızılın “Tesla” avtomobillərinə, “Apple” smartfonlarına və “HP” kompüterlərinə sızan izini ortaya çıxarıb.

Müəlliflər Léa Peruchon

1 fevral 2024-cü il

Tərcümə: Gülnar

Əlavə məlumatlar: Leyla Mustafayeva, Lamiyə Adilqızı (Forbidden Stories üçün), Sofía Alvarez Jurado (Forbidden Stories), Corentin Bainier (France 24) vı Virginie Pironon (Radio France), François Ruchti (RTS).

2023-cü ilin iyun ayında onlarla yerli sakin Azərbaycanın qərbindəki Gədəbəy rayonu ətrafındakı qızıl mədəninin səbəb olduğu xəstəlik və ətraf mühitin çirkləndirilməsinə qarşı etiraza qalxmışdılar. Başı yaylıqlı bir qadını göstərən video, Bakıdan 450 km yaxın məsafədə yerləşən Söyüdlü kəndi yaxınlığında çəkilib. Videodakı görüntüdə qadının onlarla əli dəyənəkli, qalxanlı, dəbilqələrdə olan çevik polis alayı tərəfindən yoluna irəliləməyə məcbur edildiyi görünür. Qadın axsayan zaman, arxasındakı polis gözyaşardıcı qazı qadının üzünə sıxır. Bu görüntü sosial media üzərindən yayılaraq ölkədə milyonlarla izləyici tərəfindən baxılıb və paylaşıldığından sonra ölkə vətəndaşları da Gədəbəydə sözügedən qızıl mədəni haqqında öyrənə biliblər.

Ertəsi gün “Abzas Media”nın 25 yaşlı araşdırmaçı jurnalisti Nərgiz Absalamova etiraz aksiyasını çəkmək məqsədilə əraziyə göndərilir. Orada olarkən, Absalamova, hüquq-mühafizə orqanlarının yerli etirazları dağıtmağını və həmçinin yerli sakinlərlə danışaraq onların etiraz səbəbləri haqqında reportajlar hazırlayıb. Sakinlərin sözlərinə görə, onlar Söyüdlü yaxınlığında salınan birinci gölün kəndlilərin sağlamlığına və ətraf mühitə ciddi ziyan vurduğuna görə ikinci gölün salınmasına etiraz ediblər.

Absalamovanın iki ildir əməkdaşlıq etdiyi “Abzas Media” ölkənin son müstəqil media orqanlarından biridir. Bu media həmçinin prezident İlham Əliyevin rejimi altında korrupsiya və insan haqları pozuntularını araşdıran tək-tük mətbuat orqanlarındandır. 2016-cı ildə 36 yaşlı Ülvi Həsənli həmtəsisçi olduğu “Abzas Media”nın jurnalistləri tez-tez hakimiyyət tərəfindən təhdidlərə məruz qalsalar da, onlar aksiyasada baş verən zorakılıqları işıqlandırdığına görə, hökumətin bu qədər cəld göstərdiyi reaksiyaya hazır deyildilər. Absalamovanın reportajının yayımlanmasından 24 saat keçməmiş, polis onu kənddən qovub. Həsənli isə onun kənddən göndərdiyi görüntüləri dərc etdikdən sonra Bakıda həbs edilib və bir neçə saat ərzində polisdə saxlanılıb.

Hakimiyyət çox qısa zamanda ərazini nəzarətə götürdükdən sonra ora daxil olmaq qeyri-mümkün olub. Növbəti aylarda isə ölkə təzyiq dalğasının şahidinə çevrilib. Hakimiyyətin ilk hədəflərində “Abzas Medianın” jurnalistləri oldu. Noyabrın sonlarında Həsənli yenicə həbs edildikdən sonra, “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıb. Bir neçə gündən sonra isə Absalamova da saxlanılıb. Hazırda bu mətbu orqanın altı əməkdaşı dəmir barmaqlıqlar arxasında saxlanılır. Onların hər biri “qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” maddəsilə ittiam olunurlar. Bu maddəyə görə onlar səkkiz ilədək həbs cəzası almaq təhlükəsi ilə üz-üzədirlər.

“Abzas Media”nın rəhbərləri və əməkdaşları korrupsiya ilə bağlı araşdırmalarına görə həbs ediliblər”, – medianın Facebook səhifəsinin bannerində qeyd edilib. Soldan sağa Elnarə Qasımova, Məhəmməd Kekalov, Hafiz Babalı, Ülvi Həsənli, Nərgiz Absalamova və Sevinc Vaqifqızının portretləri təsvir olunub.

2023-cü il dekabrın 1-də Nərgiz Absalamova barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildiyindən sonra Xətai Rayon Məhkəməsini çıxarılarkən. Foto kredit: Ülviyyə Əli

Jurnalistlər hazırda saxlanılqdıqları istinaq təcridxanasındakı kameralarından dünyadakı həmkarlarını onların başladığı ətraf mühitə zərər gətirən özəl şirkətləri və Azərbaycan elitasının bulaşdığı korrupsiya əməllərini araşdırmağa davam etməyə səsləyirlər. Noyabr ayında jurnalistlərin həbsindən sonra “Forbidden Stories” “Baku Connection” adlanan layihəyəni yaradıb. Biz, müxtəlif 15 mətbuat orqanı ilə əməkdaşlıq edən 40 jurnalisti bir araya gətirib “Abzas Media”nın işini davam etdiririk. Təhdidlərə baxmayaraq, “Abzas Media” jurnalistləri ölkədəki qızıl mədəninin ətraf mühitə təsiri haqqında genişmiqyaslı araşdırmanı Avropa Birlyinin dəstəyi ilə başlamağı planlaşdırırdılar. Biz isə Gədəbəy qızıl mədəni ilə bağlı araşdırmanı qaldığı yerdən davam edirik.

İki ay ərzində insan haqları pozuntuları və ətraf mühitin çirklənməsi ilə bağlı apardığımız araşdırmaların nəticəsində aşkar etdik ki, Gədəbəydə qızıl mədənindən hasil edilən qızıl smartfonlar, “Tesla” da daxil olmaqla elektrik maşınların təchizatında istifadə edilir (Hakimiyyət məlumatları təsdiqləməyə çalışan yerli əhali və jurnalistləri təhdid və qorxu altında saxladığından, mədənin insanların səhhətinə və ətraf mühitə vurduğu ziyanın səviyyəsini müəyyən etmək çətindir).

Support us so that we can continue investigating

We need your help to expose what the enemies of the press try to keep quiet.

Pərdə arxasında

Azərbaycan sarı qızıldan daha çox qara qızıl yataqları ilə məşhurdur. Xüsusən də Gürcüstan, Ermənistan və Azərbaycan sərhədinə yaxın olan Kiçik Qafqaz dağlarında torpaq minerallarla zəngindir.

2008-ci ildə Gədəbəy ucqar və dağlıq ərazidə tikilən ilk qızıl mədəni olub. Yerli sakinlərə iqtisadi imkanlar, o cümlədən yeni iş yerləri, kiberkafe və internet təlimiəri də vəd edilmişdi.

Pərdə arxasında mənzərə o qədər də cəlbedici deyil: mədən hər il təxminən 1200 kq qızıl hasil edən açıq karxanalardan birbaşa çıxarılır. Bu həcmdə məhsul hasil etmək üçün, mədən qızılı daşdan ayırmaq üçün yüksək zəhərli kimyəvi birləşmə olan sianid əsaslı maye məhluldan istifadə edir. Yaranan tullantılar Söyüdlü kəndindən bir neçə yüz metr məsafədə yerləşən altı milyon kubmetrlik süni gölə axır.

Peyk görüntüləri vasitəsilə süni gölün 2012-ci ildə tikilməsindən onun 2022-ci ilə qədər evolusiyası. Foto: Peyk şəkli © 2024 “Maxar Technologies”.

Olimpiya oyunları üçün nəzərdə tutulan ölçüdə 1600 ədəd hovuz miqyasında olan bu hövzə 2012-ci ildə tikilib. Mədənin internet səhifəsində qeyd edilib ki, bu hövzənin 2023-cü ilin sonuna qədər maksimum tutuma çatacağı gözlənilirdi. Şirkət qızıl hasilatını davam etdirmək üçün yaxınlıqdakı vadidə başqa bir göl salmağı planlaşdırsa da ötən yay yerli sakinlərin etirazları bu planı alt-üst etdi.

Su damlaları

Ötən ilin iyununda Absalamovanın “Abzas Media” saytında dərc olunan reportajların birində kənd sakini mövcud gölün arxasındakı təpələrə işarə edərək: “Burada ikinci göl salmaq istəyirlər”, – deyən yerli sakin əlavə edir: “Gölməçənin altında əcdadlarımızdan bizə miras qalan, Söyüdlüdəki ən təmiz suyu olan Vəli bulağı var, o da gölməçənin altında bloklanıb qalacaq”.

Otlaqların məhv edilməsi ilə yanaşı, kənd sakinləri xərçəng, tənəffüs xəstəlikləri və həzm problemləri də daxil, çoxsaylı sağlamlıq problemlərinin səbəbini də süni gölə bağlayırlar.

Həyat yoldaşım xərçəngdən öldü. Sənədlərim var! Çirklənmiş göl bizi öldürdü”, – deyə yerli sakinlərdən bir qadın Absalamovaya telefonun ekranında tibbi sənədləri göstərərək bildirib.

Bu qadın Nərgiz Absalamova ilə söhbətində iddia edir ki, yaxınlarının səhhətində yaranan problemlər, onun fikrincə, tullantlılarla dolu olan göl ilə bağlıdır. Foto: “Abzas Media”

Digər kənd sakinləri də hesab edir ki, rayonda yaranan patologiyaların səbəbi tullantılardır: “Göldən gələn qoxu dəhşətlidir“, – deyə eko-fəal, Azərbaycanda ətraf mühitin mühafizəsini təbliğ edən “Ekofront”un üzvü Kənan Xəlilzadə müsahibəsində bildirib. Sianid su ilə təmasda olduqda zəhərli qaza çevrilir və bu yolla onun qoxusu da ətrafa yayılır.

Emal zavodlarında böyük iş təcrübəsi olan türk ictimai səhiyyə eksperti professor Nasir Nesanir də oxşar fikirləri bölüşür: “[Qaz] ilk olaraq tənəffüs yolu ilə, daha sonra isə ağızdan bədənə daxil olaraq insanların sağlamlığına mənfi təsir göstərir”.

Emal-mədən fəaliyyətinin sağlamlığa təsiri ilə bağlı sualı cavablandıran “Anglo Asian Mining” şirkəti hökumətyönlü mediada dərc edilmiş məqalələrə istinad edib: “Söyüdlü kənd sakinləri arasında könüllü tibbi müayinələr aparılıb. Nəticələrə görə, xəstələlik göstəriciləri ümumilikdə ölkə üzrə orta göstəricidən aşağıdır. Bu da öz növbəsində sağlamlıq durumunun qənaətbəxş olduğunu göstərir”, – Azərbaycanın dövlət informasiya agentliyi “Azərtac”ın məqaləsində deyilir. (Yerli həkimlər bu hesabatların müstəqil formada yoxlanılıb-təsdiqlənməsi ilə bağlı konsorsiumun göndərdiyi sorğuları cavabsız qoyublar).

Kəndlilər ətraf mühit və səhhətləri ilə bağlı narahatlıqlarını 15 il öncə mədən açılarkən dilə gətiriblər: “amma bu, heç vaxt böyük bir etirazlara gətirib çıxarmayıb, bu məsələ heç vaxt ciddi müzakirəyə səbəb olmayıb”, – deyə “Ekofront”un digər üzvü olan Cavid Qara bildirir. Bu, ötən il iyul ayında yerli sakinlərin ikinci gölün salınması və birinci gölün də vurduğu ziyana etiraz etmək üçün Söyüdlünün küçələrinə çıxana qədər belə də davam edirdi.

21 iyun 2023-cü il tarixində Söyüdlü kəndinin sakinləri ikinci gölün salınmasına və bir gün öncəki etiraz aksiyasının yatırılmasına etiraz edirlər. Foto: Meydan TV.

Etirazların şahidi olan müstəqil jurnalist Elməddin Şamilzadə “Forbidden Stories”ə danışdıqlarına görə, keçirilən aksiyaya cavab olaraq 300 nəfərə yaxın polis əraziyə daxil olub: “Bu, həddindən artıq çox idi. Onlar qara geyimdə idilər, üzlərini də qapamışdılar”. Həmin vaxtdan etibarən bu haqda məsələləri işıqlandırmağa cəhd göstərən hər bir şəxs hakimiyyət tərəfindən susdurulub.

İşgəncə və zorlanma təhdidi

Ötən iyun Söyüdlüyə gəlişlərindən cəmi 24 saat sonra Absalamova və daha iki jurnalisti kənddən çıxarılıblar. Qısa vaxtdan sonra onlar kəndə digər bir girişi kiçik cığır vasitəsilə tapsalar da dərhal polis tərəfindən həbs olunub və döyülüblər.

Absalamova “Amerikanın Səsi” ilə əməkdaşlıq edən həmkarını qorumağa çalışarkən “polis məni itələyib qolumdan tutdu və məni divara vurdu”, – deyə o, Baş Prokurorluqda qanuni jurnalist fəaliyyətinə maneə törədilməsi ilə bağlı şikayət ərizəsində qeyd edib (Cavab olaraq yerli hakimiyyət orqanları jurnalistə “sizin jurnalist fəaliyyətinizi və hər hansı bir mətbuat qurumunun nümayəndəsi olmağınızı təsdiq edən fərqləndirici nişan olmadığı üçün ərazidən kənarlaşmağınız xahiş olunmuşdur”, – deyə bildiriblər).

13 iyul tarixində ünvanlanan məktubda Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunja Mijatović hakimiyyətin davranışının qanuniliyini şübhə altına alıb. Məktuba cavab olaraq Azərbaycan rəsmiləri bildiriblər ki, jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün onların kəndə girişinə qadağa qoyulub: “Tənqidi şərhlərinə görə heç kim həbs edilməyib. Kənd xaricindən gələn şəxslərə, o cümlədən jurnalistlərə də kəndə girişin qısa müddətə qadağan edilməsi onların birbaşa təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”, – deyə ötən ilin iyul ayında Avropa Şurasının Azərbacan üzrə daimi nümayəndəsi qeyd edib.

Maşında jurnalistlər Nigar Mübariz və Nərgiz Absalamova (sağda) və onlarla birgə olan Elsevər Muradzadə 2023-cü il iyunun 22-də polis tərəfindən həbs edilib kənddən zorla çıxarılarkən. Foto: “Amerikanın Səsi”.

Senzura qısa zamanda ölkənin paytaxtı Bakıya da çatdı. Müstəqil jurnalist Şamilzadə internetdə paylaşdığı fotoya görə, ötən ilin iyun ayında mülki geyimlilər tərəfindən saxlanılaraq polis bölməsinə götürülüb. Ondan etirazlar zamanı Söyüdlüdə çəkdiyi çevik alay polisinin şəxsiyyətini müəyyən edən fotonu silmək tələb olunub: “Bilirsən, bizim xüsusi otaqlarımız var və səni ora apara bilərik”, – Şamilzadə konsorsiuma bunun polis tərəfindən deyildiyini bilirib.

Polislərdən biri üzümə sillə vurdu. Üzümü gizlətsəm də, onlar məni vurmağa davam edirdilər… Bir nəfər dəhlizdən keçərkən, məni görüb: “Ah, orada kimisə döyürsünüz”. O da [polis dəyənəyini götürüb] onlara qoşuldu”, – deyə Şamilzadə əlavə edir.

Şamilzadə sonda huşunu itirəndən sonra həmin postu silməyə razılaşıb, lakin polis yenə də məmnun qalmayıb. Zabitlər onun telefonuna tam girişi əldə etmək istəyiblər. Şamilzadə buna ilk olaraq razı olmasa da, polislər onu zorlayacaqları ilə hədələyiblər – bu, Azərbaycan həbsxanalarında tez-tez baş verən pozuntu hallarından biridir. Belə bir təhdidlərlə üzləşən Şamilzadə, sonda telefon şifrəsini onlara verməyə razı olub. Polis onun telefonunu araşdırandan sonra, Şamilzadəni polis bölməsində şahidi olduğu halları ictimaiyyətə açıqlamaması şərti altında azadlığa buraxıblar. Hadisədən bir neçə həftə sonra o, yenidən cəzalandırılmaq qorxusundan dolayı ölkəni tərk etməyə məcbur olub.

Nazirliklərdəki qarışıqlıq

Söyüdlü etirazları hakimiyyətin, o cümlədən prezidentin özünün də narahatlığına səbəb olub. Ötən il iyul ayında ölkənin sosial-iqtisadi statusuna həsr edilmiş müşavirədə, “onlar bura xeyriyyəçilik etmək üçün deyil, pul qazanmaq üçün gəlirlər. Amma bu, bizim təbiətimizin məhv olacağı anlamına gəlmir“, – prezident “Anglo Asian Mining” [AAM] şirkətinə istinadən bildirib.

Həmin ay hökumət mədəndə sözügedən şirkət tərəfindən törədilən yanlışlıqları “araşdırma aparmaq və düzəlişlər etmək” üçün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə komissiya yaradıb. Azərbaycanın baş naziri Əli Əsədov Babayevi mədən şirkətinin fəaliyyəti ilə bağlı səhlənkarlıq etdiyini deyərək tənqid edib və bunu açıq şəkildə “ciddi hesablama səhvi” adlandırıb. Komissiya yarandığından bir neçə gün ərzində hökumət mədəndəki əməliyyatları ətraf mühitə və sağlamlığa təsir tədqiqatının yekunlaşacağına qədər dayandırdı.

Hökumət çirklənmə problemlərinə və ya insan hüquqlarının pozulmasına görə mədəni bağlayırsa, bu, vəziyyətin kritik olduğunu göstərir. Dövlət özü mədənin fəaliyyətini dayandırmaqda maraqlı deyil, çünki o, bir qayda olaraq, gəlirlərini itirir”, – mədən məsələləri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı “Swissaid” eksperti, Mark Ummel, konsorsiuma belə deyib.

2023-cü il göstəricilərinə görə, istehsalat mədənin bağlandığına görə 44.7 faiz azalıb, şirkətin səhmlərinin qiyməti də aşağı düşüb.

Təəccüblü olmasa da, Əliyev hökumətinin mədən işlərində marağı var. Böyük Britaniyanın “AAM” şirkəti yerli törəmə şirkəti olan “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” vasitəsilə 1997-ci ildə Azərbaycan hökuməti ilə Hasilatın Pay Bölgüsü Sazişi imzalayıb. Bu sazişə əsasən, mədən əməliyyatlarından gələn mənfəətinin bir hissəsi Ekologiya Nazirliyinə verilir.

İngilis-iranlı maqnat Məhəmməd Rza Vəziri şirkətin əsas səhmdarı və hökumətlə bu sazişə cavabdeh şəxsdir. Vəziri on illərlə Əliyev rejiminin arxa cibində olub. O, 2013-cü ildə Gədəbəy mədən və emalı zavodunun açılışında prezidentlə şəkil çəkdirib. Xarici mətbuatın da yazdığına görə onun ölkənin baş naziri və neft naziri ilə “istəndiyi vaxt” görüşə bilər.

İlham Əliyev və Məhəmməd Rza Vəziri 2013-cü ildə müəssisənin açılışında. Foto: Prezidentin rəsmi saytı.

84 yaşlı Nyu-Hempşirin keçmiş Respublikaçı qubernatoru və ata George Bush-un aparat rəhbəri qismində tanınan John Sununu, “AAM”-ın təxminən 9,4 faiz səhmlərinə sahibdir ki, bu da hazırki bazar qiymətlərinə görə, 8 milyon dollar təşkil edir. O, həmçinin iqlim skeptiki kimi də tanınır.

Protect your stories

Are you a journalist under threat because of your reporting? Secure your information with Forbidden Stories.

Rəsmiliyə qalsa, problem həll olunub

Ötən il bir neçə gün ərzində hökumət Gədəbəydə təkrar testlər aparmaq, o cümlədən bənd tikintisi, axın şərtlərini və hava keyfiyyəti ilə bağlı tədqiqatlar aparmaq üçün mədən ərazisinə onlarla nazirlik nümayəndəsi, mühəndis və alimləri göndərib. Tədqiqatlar geologiya və dağ-mədən konsaltinq şirkəti olan beynəlxalq “Micon International” şirkəti tərəfindən aparılıb.

2023-cü ilin sentyabrında şirkət ətraf mühitlə bağlı apardığı araşdırmasının nəticələrini təhvil verib. Araşdırmalara əsasən, “mövcud bəndin ümumilikdə yaxşı istismar vəziyyətində olduğu” və “heç bir torpaq nümunəsində analitik hədlərini aşan sianidin aşkar edilmədiyi” qeyd edilib. “Micon International”a görə, mütəxəssislər yaranmış problemlərin səbəbini “ərazi idarə heyəti ilə yerli ictimaiyyət arasında fəal ünsiyyətin olmaması” ilə əlaqələndiriblər.

(Dəfələrlə göndərilən şərh sorğusuna baxmayaraq, “AAM”, “Micon International”, nümunələri təhlil edən laboratoriyalar və Ekologiya Nazirliyi “Forbidden Stories” və onun tərəfdaşlarına cavab verməyib. Konsorsium həmçinin nə sahə nümunəsi nəticələrinə, nə də hər hansı əlaqəli təhlilə bağlı məluatlara giriş əldə edə bilməyib.)

Kəndin yaxınlığındakı yeni gölməçənin tikintisi hazırda dayandırılıb. Mədən işlərini bərpa etmək üçün şirkət mövcud bəndi qaldıracaq. “AAM”in səhmdarlara verdiyi hesabatda deyilir: “mövcud divar yaxın iki-üç il ərzində istehsal üçün kifayət qədər tutumu təmin etmək məqsədilə təxminən 7,5 metr qaldırıla bilər“. Divarın qaldırılmasını təklif edən mühəndis şirkəti “Knight Piésold” eyni hesabatda onu da qeyd edir ki, “tullantı bəndinin divarının struktur sabitliyi ilə bağlı heç bir problem müəyyən edilməyib“.

 

Jurnalist Nərgiz Absalamova tərəfindən çəkilən sianid palçığı olan göl, 21 iyun 2023-cü il. Foto: “Abzas Media”.

“Forbidden Stories” konsorsiumu tərəfindən həmin şirkətlə əlaqə saxlanarkən, mövcud bəndin qaldırılması ilə bağlı yayılan məlumatın “yanlış” olduğunu bildiriblər. Əlavə məlumatlar almaqla bağlı göndərilən ayrıca elektron məktubda isə şirkət məxfilik müqaviləsinə əsasən, bənddəki işin xarakterini açıqlaya bilməyəcəklərini bildirib.

AAM”şirkəti fəaliyyətinin “bütün yerli qaydalara” uyğunluğunu təsdiqləyərək onu da əlavə edib ki, şirkət bir müddət öncə mədənçıxarma sektorunda liderlərə qoşularaq “Mədən Tullatıntılarının İdarə Edilməsi üçün Qlobal Sənaye Standartının” [“GISTM”] öhdəliklərini də üzərinə götürüb.

Yerli etirazlardan dörd ay sonra “AAM” dövlətlə razılığa gələrək mədənin əməliyyatlarını yenidən bərpa etdiyini elan edib.

“Tesla”, “HP”, “Samsung” və “Apple” üçün Azərbaycan qızılı

Azərbaycan hökuməti və “AAM” ilə yanaşı, mədənin nəhəng benefisiarlarından biri də İsveç emal zavodu “MKS PAMP”dır. Dünyanın 10 ən böyük emal zavodundan biri olan “MKS PAMP” qızılların müəyyən hissəsini “AAM” və Gədəbəy mədənindən alaraq onları “Tesla”, “HP”, “Samsung” və “Apple” kimi dünyanın transmilli şirkətlərinə satır. Elektrik avtomobillər, kompüterlər, elektron komponentlər və smartfonların bu qiymətli metala ehtiyacı var.

Söyüdlüdə insan hüquqlarının pozulması və mədənin sağlamlığa potensial təsirləri barədə suala “MKS PAMP” “ekoloji məsuliyyəti son dərəcə ciddi qəbul edirik”, deyə bildirsə də “Anglo Asian Mining Ltd” ilə işləməyə davam edəcəyini əlavə edib. İki “MKS PAMP”ın müştərilərindən biri olan “Microsoft” şirkəti konsorsiumun suallarını cavablandıranda insan hüquqlarına sadiq olduqlarını və müstəqil jurnalistikanı dəstəklədiklərini qeyd etsə də “AAM” ilə bağlı sualları cavablandırmayıblar. “Tesla”, “Apple” və “HP” da sorğularımıza cavab verməyib.

Qızıl hasilatı üçün lazım olan tonlarla süxur çıxarılan Gədəbəy mədəni karxanası. Foto: “Anglo Asian Mining” internet səhifəsi.

Gədəbəy mədəninin bir neçə keçmiş müştəriləri daha ehtiyatlı davranıblar. Onlar hələ ötən ilin iyun hadisələrindən əvvəl “AAM” ilə işgüzar əlaqələri dayandırıblar. Digər böyük sənaye oyunçusu olan “Argor-Heraeus” şirkəti 2020 və 2021-ci illərdə mədən qızılının 10%-ni emal edirdi, lakin hazırda şirkət artıq Gədəbəyin müştəri siyahısına daxil deyil: “Əlaqələrimizi dayandırdıq, çünki “Anglo Asian Mining”, “Müştərini Tanı” prosesi üçün müntəzəm yenilədiyimiz sorğumuza heç bir reaksiya vermirdi“, – deyə qrupun kommunikasiya və marketinq meneceri, eləcə də icraçı vitse-prezidenti Tore Prang konsorsiuma bildirib. “AMM” tərəfindən illik risklərin qarşısının alınması, azaldılması və idarə edilməsində emal zavoduna kömək üçün hesabatların təqdim edilməsi tələb edilir. Prang, həmçinin “AAM”ın daxili əməliyyatları haqqında “məlumat çatışmazlığını” vurğulayaraq bildirib ki, bu, tərəfdaşlığın 2023-cü ilin may ayında sona çatmasına səbəb olub.

Danışmamaq qızıldır

Söyüdlü sakinlərinin gölün təhlükəsizliyi və bəndin partlaması ilə bağlı sualları hələ də qalmaqda davam edir. “bu, fəlakət olacaq. Əgər belə bir şey baş versə, onda biz təkcə bir kənddən danışmayacağıq. Söhbət təkcə bir şəhərdən getmir. Bu, ölkənin təxminən yarısıdır”, – deyə Cavaid Qara bildirib.

2000-ci ildə Rumıniyanın Baia Mare şəhərində mədən partlayışı zamanı 100 min kub metr sianid-zəhərli su yerli çaylara axıb. Çernobıldan sonra Şərqi Avropada ən pis ekoloji fəlakət hesab edilən bu hadisə, hələ də bir çox rumıniyalıları narahat edir. Fəlakət nəticəsində ərazidəki su həyatının 80 faizi məhv olub.

Sentyabrda “Sərhədsiz Reportyorlar” təşkilatı Söyüdlüdə “müstəqil jurnalistlərin ərazi haqqında məlumat alma və yaymasına qarşı qoyulan üç aylıq qadağaya” son qoymağa çağırıb.

Ötən ilin iyununda Söyüdlü kəndinin girişində polis tərəfindən qurulan keçid məntəqəsi. Foto: “Abzas Media”

Söyüdlü və ətraf rayonlarda informasiya əldə etmək yolları hələ də məhdidiyyətlidir, demək olar ki, bu region haqqında mediada informasiya faktiki olaraq artıq yoxdur: “Həqiqəti desən, dilini kəsəcəklər“, – deyə təhlükəsizlik səbəbiylə adının açıqlanmasını istəməyən kənd sakini “Forbidden Stories”ə bildirib.

Qızıl mədəninin tədqiqatı hazırda daha da vacib bir məqamı özündə daşıyır, çünki Azərbaycan növbəti COP29 sammitinə 2024-cü ilin noyabr ayında ev sahibliyi edəcək. Konfransa ekologiya naziri, Söyüdlüdə aparılan tədqiqatlara nəzarət komissiyasının rəhbəri Babayev sədrlik edəcək (Nazir məsələ ilə bağlı konsorsiumun suallarını cavablandırmayıb).

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı həbsdən Azərbaycanın COP29 sammitnə ev sahibliyi edəcəyini eşitdiyində “Çirkli pul çirkli hava qədər təhlükəlidir” adı altında kampaniyaya başlamağı təklif edib: “Bu, demokratiya üçün yeni nəfəs ola bilər”, – deyə Vaqifqızı vəkili Elçin Sadıqov vasitəsilə konsorsiuma bildirib.

See also

baku-connection_about_2
baku-connection_prisons_1